“Övladım ağır astma xəstəsidir, hər şeyimi satmışam, artıq tükənmişəm, müalicə etdirə bilmirəm, bank da evimi əlimdən alır”
“Övladım astma xəstəsidir. Onun müalicəsinə pul çatdıra bilmirəm. Xəstəliyini müalicə etdirmək üçün kredit götürmüşdüm, banklara borcum var. Bank evimi əlimdən alır. Övladımın da gözlərimin önündə əzab çəkməsi məni çarəsiz vəziyyətdə qoyub”.
Bu sözləri Şamaxı rayonunun Göylər kənd sakini Zamiq Bəşirov redaksiyamıza gələrək deyib. Şikayətçi aidiyyəti qurumlardan uşağının müalicəsinə köməklik göstərməsini xahiş edir: “2011-ci ildə oğlum Nurlan Şamaxı rayon xəstəxanasında dünyaya gəldi. Uşaq anadan olarkən həkimlər onu əlindən saldı. Başında problem yarandığına görə iki dəfə baş beyin əməliyyatı keçirdi. Daha sonra uşaqda astma xəstəliyi aşkar edildi. Bu xəstəlik bizdə irsidir. Uşaq hazırda aparatdan asılı vəziyyətdədir. Uşağı komissiyadan keçirmirlər. Həkimlər deyir ki, guya uşaq özü düzələcək. Hormonol asılılıqdır. Mən asmaya qarşı uşağımın müalicə olunmasını istəyirəm. Xəstəxanalarda uşağı minimum 10 gün yatızdırmaq 300-500 manata başa gəlir. Uşaq iki aydan bir yatmalıdır. Balamın yaşaması üçün banklara borca girdim.
Mal-qaramı satdım. İndi isə işsiz qalmışam. Bütün texnikamı satmışam. Əvvəllər kənddə mal-qara, əkin-biçinlə birtəhər dolanırdıq. Xəstəxanada uşağa bir dərman da olsa pulsuz verilmir. İki aydır ki, AGBank-ın pulunu ödəyə bilmirəm. Evimi girov qoymuşdum. İndi bank mənə 3 ay vaxt verib. Əgər ödəməsəm evimi əlimsən alacaqlar. Sosial müavinət də ala bilmirəm, çünki banka borcluyam. Prezidentə, Mehriban Əliyevaya da yazmışam. Amma görünür, məktublarımı onlara çatdırmırlar.
Şamaxı Rayon İcra Hakimiyyətindən də mənə deyiblər ki, bizlik deyil. Balansımızda pul yoxdur. Mən heç kimdən pul istəmirəm. Uşağımı heç olmasa müalicə etdirsinlər. Evimi də əlimdən alsalar, körpə xəstə uşağımla ailəmlə çöldə qalacağıq. Kreditin müddətini 5 il müddətinə uzatsalar, ödəyə bilərəm. Amma 3 ayın içində mənim pul tapmağım qeyri-mümkündür. Uşağın 35 manata olan dərmanı 75 manat olub. Heç dərmanlarını da ala bilmirəm. Çox çarəsiz vəziyyətdəyəm, intihar həddinə çatmışam”.