“Xəzər Lənkəran”ın bolqarıstanlı yarımmüdafiəçisi Qalin İvanov Azərbaycandan qaçıb. 
Axar.az xəbər verir ki, klub rəhbərliyi onun harada olduğunu, başına nə iş gəldiyini bilmir.
Premyer Liqanın 17-ci turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” üçün bu hadisə gözlənilməz olub. Qalin İvanov komandanın son məşqinə qatılmayıb. Onun ölkəni tərk etdiyi barədə xəbərlər gəzir.
Məlumata görə, futbolçu Bolqarıstandadır.
Balkanlı oyunçu oktyabr və noyabr aylarının məvacibini almadığı üçün cənublulara bu şəkildə etirazını bildirib. Telefon zənglərinə cavab verməyən İvanovdan FİFA-ya şikayət ünvanlanacaq. Onun XL ilə birillik müqaviləsi var.
Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu faktı goal.az-a təsdiqləyib:
“Qalin İvanov gözlənilmədən dünənki məşqə qatılmayıb. Çox maraqlıdı ki, məşqi hansı səbəbdən buraxıb. Bütün detalları araşdırırq. Ölkəni tərk edib, yoxsa nəsə baş verib. Bütün bunlar bəlli olandan sonra tam ətraflı açıqlama verəcəyik”.
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov futbolinfo.az-a geniş müsahibəsində qeyd edib ki, bolqar oyunçuya vaxt qoyulub:
“Ona müəyyən vaxt da qoymuşuq, həmin müddətə qədər komandaya qoşulmalıdı. Əks halda, FİFA-nın qaydalarında qeyd olunan sanksiyalar düşərgədən qaçan futbolçuya tətbiq olunur. Kimsə klubdan qaçıb, FİFA-ya gedib, şikayət edə bilməz.
Prosedur qayda var və buna əsasan hərəkət etməlidi. Qaydaya əsasən, durum haqda birinci kluba, ikinci AFFA-ya, daha sonra isə FİFA-ya şikayət etməlidi. Hüquqşünaslar da onun atdığı addıma haqq qazandırmır”.
Xatırladaq ki, bir neçə gün öncə “Xəzər Lənkəran”da maaşların gecikdirildiyi barədə məlumat yayılmışdı.





