İranın Xarici İşlər Nazirliyi ABŞ-da dərc olunmuş xəbəri təkzib edib
Amerikanın “The Wall Street Journal”ında İranın Ali dini lideri Ayətolla Əli Xameneinin ABŞ prezidenti Barak Obamanın məktubuna cavab verməsi ilə bağlı yazı dərc olunub. İranın Xarici İşlər Nazirliyi dərc olunmuş xəbəri təkzib edib.
ANS PRESS-in məlumatına görə, İranın XİN-nin rəsmi nümayəndəsi Mərziyə Əfxam bildirib ki, bu, “The Wall Street Journal”ın qeyri-peşəkar hiyləsidir.”
Ümumiyyətlə, ABŞ prezidenti 2009-cu ildən İranın mənəvi liderinə ən azı dörd məktub göndərib.
M.Əfxam təsdiqləyib ki, amerika liderinin Tehrana göndərdiyi məktublarına bəzi hallarda cavab verilib.
Xatırladaq ki, nəşr fevralın 13-də İran diplomatına istinadən yazıb ki, Xamenei guya hələ keçən ilin oktyabrında Ağ evin başçısından aldığı məktuba cavab verib. B.Obama məktub yazmaqla “İslam dövləti” qruplaşması ilə mübarizədə İranın dəstəyini təmin etmək, həmçinin Tehranı nüvə proqramı üzrə sazişin bağlanmasına ümidləndirmək fikrində olub.
ANS PRESS



