Bu il yanvarın 19-da İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə Azərbaycan hakimiyyətinə radikal müxalifətdə olan REAL hərəkatının mənzil-qərargahında təşkilatın rəhbərliyi – icraçı direktor Natiq Cəfərli və İdarə Heyətinin üzvləri Azər Qasımlı və Erkin Qədirli ilə görüşüb.
Bu barədə iddialar Virtulaz.org-da dərc olunmuş “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı yazıda yer alır.
Yazıda bildirilir ki, diplomatlar üçün vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə görüşlər keçirmək və olduqları ölkədəki real vəziyyət barədə təsəvvür formalaşdırmaq adi praktikadır. Lakin Amerika yönümlü, yarandığı gündən Qərb donorları tərəfindən maliyyələşdirilən təşkilatın ofisinə İran nümayəndəsi təşrif buyurması təəccüblüdür. Xatırladılır ki, əvvəllər, İran diplomatları Azərbaycandakı Qərb yönümlü müxalifət partiyaları ilə görüşlər keçirməyib, ələlxüsus da onların ofislərini ziyarət etməyiblər. Çünki Elçibəy irsinin davamçılarının İranı məhv etməyə səsləyən “vətənpərvər ruhlu” çağırışları İran siyasətçilərinin yaxşı yadındadır:”Və qəfildən. budur! İran diplomatları birbaş lideri hər il ABŞ-ın Qalifaksdakı hərbi bazasında toplanışlarda iştirak etmiş partiyanın mənzil-qərargahına yollanır.Digər tərəfdən, Amerika yönümlü REAL hərəkatının liderlərinin məntiqini də anlamaq çətindir, xüsusilə ABŞ-ın yeni prezidentinin İrana münasibətdə açıq, gizlədilməyən və birmənalı mövqeyi fonunda”.
Yazıda bu qəribəliyin səbəbinə toxunularaq qeyd edilir ki, REAL kütləvi siyasi qurum kimi formalaşa bilməyib, təşkilatın rəhbər heyəti milli-demokratik düşərgədən qopmuş bir ovuc “müxtəlif səviyyəli tör-töküntüdən və üç nəfər intellektual blogerdən” ibarətdir. Təşkilatda isə rəhbər heyətdən başqa kimsə yoxdur. Özləri qərar verir, özləri də icra edirlər:” Məhz buna görə də, bu görüş ikiqat böyük maraq doğurur… Doğrudanmı, guya altruizm və liberal dəyərlər nöqteyi-nəzərindən çıxış edən Qərb yönümlülərə bu dövlətin siyasi və ideoloji mahiyyəti belə az tanışdır? Bu nə siyasi akrobatikadır? Bəlkə istiqamət dəyişir: Qalifaksdan Məşhədə tullanırlar?
Hər halda, REAL-ın rəhbərliyi, daha dəqiq desək, onun hələ də azadlıqda olan hissəsi iranlılarla görüşləri barədə ictimaiyyətə məlumat verib: guya ki, ölkədəki ictimai-siyasi vəziyyət, İranla Azərbaycan arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib”…
Sayt məlumatlı mənbələrə istinadən iddia edir ki, görüşdə amerikayönümlü REAL hərəkatı ilə İran səfirliyi arasında əməkdaşlıq müzakirə olunub. Görüşdə əldə olunmuş konkret razılaşmaya görə REAL İran səfirliyi ilə müxalif “milli-demokratlar” arasında vasitəçilik öhdəliyini üzərinə götürüb, səfirlik isə öz növbəsində REAL-a vəd edib ki, onların İran istebleşmentinin nüfuzlu dairələri, xüsusən siyasi və dini təşkilatları ilə münasibətlər yaratmasında körpü olacaq. REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib.
Saytın iddiasına görə, REAL İrandan ilk maliyyə yardımını qəbul edib: ”Belə görünür ki, REAL da Əli Kərimlinin islamçı, liberal və milli-demokratların alyansının hakimiyyətlə mübarizədə güclü və effektiv vasitə kimi alternativinin olmadığı barədə konsepsiyasına meyl edir. Ziddiyyətli görünür, lakin REAL-da bu haqda fikirləşməyiblər ki, ABŞ və Avropa İttifaqı İlqar Məmmədovun təşkilatının İran tərəfindən maliyyələşdiirlməsi barədə informasiyanı necə qarşılayacaq? Məhbus İlqar Məmmədovun məsələsini bu cür tez-tez aktuallaşdıran cənab Yaqland nə fikirləşəcək? Dövlət Departamentində buna necə baxacaqlar? Belə çıxır ki, REAL ən utanmaz şəkildə “ikili agent” rolunu üzərinə götürür? Bəs prinsiplər necə olsun, uşaqlar? Bəs ideallar harada qalsın?”
Sayt iddia edir ki, İranın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfiyə müvafiq suallar ünvanlanıb və ən yaxın vaxtlarda bu suallara rəsmi cavab təqdim edəcək.
”Bizə bizə İran diplomatlarının və xüsusi xidmət agentlərinin Azərbaycan müxalifəti ilə təmaslarının artdığı barədə həyəcanlı informasiyalar daxil olur. İran diplomatları tərəfindən müxalifətin radikal hissəsinin maliyyələşdirilməsinə dair informasiyaları toplamaqda və analiz etməkdədir, ən yaxın vaxtlarda oxucuların diqqətinə yeni ifşaedici faktlar təqdim edəcəyik”, – deyə sayt xəbər verir…




