Bəhruz Bayramovun Xankəndinə getməsi mümkün ola bilər…
Tanınmış vəkil Bəhruz Bayramov bu gün Xarici İşlər Nazirliyinə çağrılıb və qurumun müvafiq idarəsinin rəhbəri tərəfindən qəbul edilib.Bunu Moderator.az-a açıqlamasında B. Bayramovun özü bildirib. Onun dediyinə görə bir neçə gün öncə o və hüquqşünas həmkarı Əlövsət Əliyev rəsmi məktubla XİN-ə müraciət edərək təhlükəsizliklərinə beynəlxalq qurumlar tərəfindən zəmanət verilməsi şərtilə Xankəndində qondarma qurumun oyuncaq məhkəməsində sorğulanan kəlbəcərli soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə mənəvi dəstək olmaq, onların tək olmadıqlarını, bütün Azərbaycanın onlarla nəfəs aldıqlarını onlara çatdımaq üçün Xankəndinə getməyə hazır olduqlarıyla bağlı müraciətlərinə baxılıb.
Əlövsət Əliyev xaricdə olduğundan XİN-də B. Bayramovu tək qəbul ediblər və onlara belə bir müraciətdə bulunduqları, fəal vətəndaşlıq mövqeyi sərgilədikləri üçün təşəkkür edilib, ancaq indiki halda belə bir səfərin mümkünsüzlüyü onun diqqətinə çatdırılıb. Eyni zamanda o da vurğulanıb ki, rəsmi Bakı bu məsələni diqqətlə izləyir və artıq soydaşlarımızın qanunsuz saxlanılması, onlara işgəncə verilməsiylə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi başlanılıb. O da B. Bayramovun diqqətinə çatdırılıb ki, məsələ nüfuzlu beynəlxalq təşkilatlarla da müzakirə edilir və BMT-nin insan hüquları üzrə ali komissarı girovlarımıza baş çəkəcəyi təqdirdə onun da həmin beynəlxalq missiyanın tərkibində Xankəndinə getməsi mümkün ola bilər, ancaq hələlik bu barədə dəqiq fikir bildirmək tezdir.



