Ağ Ev bu terrorçu qruplaşmanın Qərbdə terror aktları həyata keçirəcəyinə əmindir 
“The Associated Press”in (AP) xəbərində deyilir ki, ABŞ-ın rəhbərlik etdiyi hərbi alyans “əl-Qaidə”nin nəzarətində olan şəhərə hava zərbələri endirib. Suriyanın şimal-qərbində yerləşən Harəm şəhərinin (İdlib vilayəti) hədəf alınması Amerikanın narahatlığını özündə əks etdirir.
Agentlik vurğulayır ki, hava zərbələrinə səhnə olan şəhər “əl-Qaidə”nin filiallarından olan “Əl-Nusra Cəbhəsi”nin əlindədir. Bu şəhər ötən həftə də hava zərbələrinə hədəf olmuşdu. Ümumillikdə isə İŞİD-ə qarşı hava hücumları başlayandan indiyə kimi dördüncü dəfədir ki, ABŞ “Əl-Nusra Cəbhəsi”nin nəzarətində olan əraziyə hücum edir.
Agentliyə ABŞ hərbi dairələrindən məlum olub ki, “Əl-Nusra Cəbhəsi”nin qəzəbə gəlməsi daha çox bu təşkilatın tərkibində olan və haqqında əfsanələr söylənilən “Xorasan qrupu” ilə bağlıdır. Vaşinqton hesab edir ki, son dərəcə mobil olan bu qrup Qərb ölkələrinə qarşı terror hücumları hazırlayıb.
Suriyanın daxilində olan qərbpərəst müxalif hərbi qruplar isə ABŞ-ın “Əl-Nusra Cəbhəsi” və “Xorasan qrupu” arasında müəyyən fərq qoymasını yanlış hesab edir. Onların düşüncəsinə görə, söhbət mahiyyətdə eyni təşkilatlardan gedir.
Xəbərdə bildirilir ki, ABŞ Suriya şəhərinə hava hücumu ilə bağlı Bəşər Əsəd hökumətinə məlumat verməyib. Eyni zamanda Bəşər Əsəd fürsətdən istifadə edərək, qərbpərəst müxalif hərbi birləşmələrə havadan zərbələr endirməkdə davam edir. Faktiki qərbpərəst müxalifət həm Bəşər Əsədə bağlı hərbi birləşmələr, həm də islamçılar tərəfindən düşmən elan olunub.
Suriya daxilində Qərbə bağlı analitik qrupların hazırladığı hesabatda bildirilir ki, oktyabrın 20-dən indiyə kimi Suriya qırıcıları 1.600 dəfə hava hücumları həyata keçiriblər. Həmin hücumlar zamanı 396 sakin öldürülüb və ölənlərin 109 nəfəri uşaqdır.
Elbəyi Həsənli