ABŞ və Rusiya ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik fəaliyyətinə görə təltifləndirib.
Əslində quru informasiya kimi də qəbul etmək olar bunu. Amma bu xəbər bir sıra mətləblərin mahiyyətini anlamaq üçün kifayyət edir.
Əvvəlcə Azərbaycanın sosial şəbəkə istifadəçilərinin bu xəbərə reaksiyası barədə. İlk və ən populyar fikir bir qədər ritorik oldu. “Fəaliyyətsiz fəaliyyətə görə təltif olundu” və sairə.
Amma yox. Əslində Anjey Kaspşik fəaliyyət göstərən yeganə səlahiyyətli nümayəndə kimi doğurdan da fəaliyyət göstərib. Amma onu təltifləndirənlərin maraqlarına uyğun fəaliyyət göstərib.
Anjey Kaspşikin təltif olunmasından aşağıdakı məntiqi nəticələr hasil olur.
Birinci: Anjey Kaspşik onu təltifləndirən ölkələrin, yəni ABŞ və Rusiyanın maraqlarına xidmət edib və mükafat alıb.
Artıq neçənci dəfədir ki, polşalı diplomat bu görəvə layiq bilinir. Deməli onun fəaliyyətində maraqlı olan güc mərkəzi var. Və bu mükafatlandırma bir daha sübut etdi ki, Beynəlxalq münasibətlər sistemində Dağlıq Qarabağ münaqişəsi əsas iki supergüc tərəfindən idarə olunur. Və burada baş verənlər onların iradəsinin ifadəsidir.
İkinci: Anjey Kaspşik fəaliyyət göstərdiyi illərdə qarşısına qoyulan vəzifəni layiqincə yerinə yetirib.
Təltifləndirmənin əsas səbəbi kimi sülh prosesinə xidmətləri qeyd olunur. Mövcud ststus-kvo hamının tez-tez təkrar etdiyi ifadədir, artıq. Məhz bu status-kvonu qorumaq və bacardığı qədər münaqişəni donmuş halda saxlamaq üçün o doğurdan da əlindən gələni edib.
Üçüncü: Anjey Kaspşiki təltif edən ölkələrin maraqları Dağlıq Qarabağ məsələsində toqquşmur, əksinə, üst-üstə düşür.
Nə qədər təccüblü və təəssüflü də olsa, bu, belədir. Bəlkə də, situasiya dəyişəcəyi təqdirdə ABŞ və Rusiyanın maraqlarının toqquşmaması, əksinə, üst-üstə düşməsi bir qədər də məsələnin xeyirinə ola bilər. Bu amili artıq qan tökülməməsi üçün istifadə oluna biləcək diplomatik şans da adlandırmaq olar.
Amma indiki şəraitdə Azərbaycanın işğal faktı ilə üzləşməsi və bunun qarşısının alınması üçün beynəlxalq təpkinin olmaması da məhz bu iki supergücün razılaşmasının nəticəsidir.
Beləliklə, Anjey Kaspşikin təltif olunması çox vaxt şübhə ilə yanaşılan, amma birmənalı həqiqət olan reallıqları ortaya qoydu. Necə deyərlər, bu təltiflə ABŞ və Rusiya xoruzun quyruğunu, daha doğrusu Kaspşikin göstərmiş oldu.
.jpg)



