“Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir. Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:
“Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlərə başlayıb (4-14 oktyabr);
Adətən təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, lakin bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:
- İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;
- Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil;
Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var”.
Şayəstə





