Cəmiyyətimizin inkişafı üçün daha əhəmiyyətli məsələləri qabartmalıyıq, cəmiyyəti maarifləndirməliyik
Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar MƏMMƏDLİ 28 May Respublika günündə Space televiziya kanalında müğənni Səidə Sultanla bağlı baş vermiş biabırçı hadisəyə münasibət bildirib. AİM.AZ Yadigar Məmmədlinin fikirlərini təqdim edir:
“Xalq olaraq bizim ən böyük bayramımız 28 May Respublika günüdür. Çox təssüf ki, belə bir gündə hansısa bayağı, etik qaydaları pozan bir xəbər gündəmdə olur. Bu cəmiyyətimizin, oxucularımızın səviyyə problemi və mediamızın durumu ilə əlaqədardır. Əlbəttə, görüntü var, bu faktdır, lakin cəmiyyəti ucuz şou xəbərlər dalınca qaçmağa sürükləməməliyik.
Bu tendensiyasının yaranmasında biz jurnalistlərin də günahı var. Bəzən jurnalistlər deyirlər ki, biz oxucuya onun tələb etdiyi məlumatı veririk. Bu birmənalı qəbul olunmayan fikirdir, mən bunun əleyhinəyəm! Tamaşaçıya, oxucuya elə informasiyalar vermək lazımdır ki, onu qəbul etsin, ucuz xəbərlərin dalınca qaçmasın.
Cəmiyyətimizin inkişafı üçün daha əhəmiyyətli məsələləri qabartmalıyıq, cəmiyyəti maarifləndirməliyik. Son zamanlar bu fikirlər daha çox səsləndirilir ki, Azərbaycan mediası, telekanalları bu bayağı verlişlərə, yazılara son qoysun. Bu fikirlərə əməl olunmasa da, bu çağırışlar var.
İnkişaf etmiş cəmiyyətlərdə də şou xəbərlər izlənilir, oxunur, lakin ölkə üçün önəmli xəbərlər daha çox diqqətdə saxlanılır. Əlbəttə, təqdim etmə çox önəmlidir. Bizdə bəzən ciddi xəbərlər elə formada təqdim olunur ki, heç kimin diqqətini cəlb etmir. Biz Azərbaycanda da inkişaf etmiş cəmiyyətlərdə olan kimi mühitin qurulmasına çalışmalıyıq!!
Asif MEHMAN,
Aim.az



