
Avtosfer.az-a açıqlamasında sürücü Fikrət Tağıyev bildirib ki, Lənkəranda hərbi xidmətdə olan övladına baş çəkməyə gedərkən yolda azyaşlı nəvəsi sudurqa keçirib və dili qatlanıb. Nəfəs alması çətinləşən uşağa heç kim yardım edə bilməyib: “Bu zaman məni yol polisi saxladı. Avtobusu ötərkən qayda pozmuşdum. Maşından düşən kimi polisə dedim ki, nəvəm içəridədir, dili qatlanıb, xəstəxanaya çatdırmaq lazımdır. O da dərhal mənim maşınımın qarşısına keçib öz maşını ilə yolu açdı ki, biz rahat və tez çataq. Dedi, yolu təmizləyəcəm, arxamca sür. Ora çatandan sonra uşağa bir saata yaxın tibbi müayinə göstərildi, özünə gəldi. Amma yol polisi yenə də bizi tək qoymadı. Uşaq çıxandan sonra da onunla maraqlandı, sonra sürüb getdi. Allah ondan razı olsun. Çox köməyi dəydi bizə. Həyatımda ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşırdım”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bu məsələ tam araşdırılıb və inspektorun xeyirxah iş gördüyü üzə çıxıb. Buna görə də, DYP rəhbərliyi Mahiyəddin Hüseynovu mükafatlandıracaq.



