Yunanıstan Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarına (PUA) qarşı öz müdafiəsini inkişaf etdirməyə çalışır.
Elchi.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, hökumət Türkiyə PUA-larına qarşı müdafiə üsulları axtarır. Yunan mətbuatı Afinanın İsrail istehsalı olan “Heron” və ABŞ istehsalı MQ-9 PUA-larının alınması üçün İsrail və ABŞ ilə danışıqları davam etdirdiyini bildirib.
Qəzetin mənbələri bildirir ki, bu araşdırmalara paralel olaraq İsrailin hazırladığı “Dəmir günbəz” adlı hava hücumundan müdafiə sistemi ilə bağlı danışıqlar davam edir.
Türkiyə PUA-larının və xüsusilə “Bayraktar TB2” tipli PUA-larının döyüş bölgələrindəki vəzifə və imkanları son dövrlər Yunanıstan mətbuatında geniş şəkildə müzakirə edilir.
PUA-ların Yunanıstan Hərbi Hava Qüvvələrinin “baş ağrısına” çevrildiyinə inananlardan biri də hakim partiyanın deputatı, istefada olan general Nikos Manolakosdur.
Yunanıstanın dövlət radiosu ERA-ya danışan Manolakos, “Yunanıstan öz PUA-larını inkişaf etdirmək üçün çox gecikdiyini” söyləyib.




