YUNESKO-nun baş direktoru Odri Azule ABŞ-ın təşkilata qayıtmaq qərarını yüksək qiymətləndirib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Azulenin iyunun 12-də yaydığı bəyanatında deyilir.
“Bu, YUNESKO-ya və çoxtərəfli münasibətlər sisteminə inam əsasında mühüm qərardır”, – sənəddə deyilir.
Birləşmiş Ştatlar YUNESKO-ya qayıtmaq planı təklif edib, ona əsasən, Vaşinqton təşkilata üzvlüyünü ilin sonuna kimi bərpa etməyi gözləyir. Plana YUNESKO-nun Baş Konfransının növbədənkənar sessiyasında baxılmalıdır. Nə vaxt keçiriləcəyi hələlik açıqlanmayıb.
Plan həmçinin üzvlük haqlarının dövlətlər tərəfindən ödənilməsi vaxtını da nəzərdə tutur. ABŞ 2011-ci ildən bəri onlara pul ödəmir.
Xatırladaq ki, Vaşinqton Fələstinin təşkilata qəbul olunmasından sonra YUNESKO-nun maliyyələşməsində iştirakdan imtina edib. 2017-ci ildə ABŞ təşkilata üzvlüyünü dayandırıb. Keçmiş prezident Donald Trampın administrasiyası daha sonra YUNESKO-nun əsaslı islahatlara ehtiyacı olduğunu bildirib və onun İsrailə qarşı qərəzli mövqeyini qeyd edib.
Yeganə





