Yüzlərlə fanatik yəhudi mühacir İsrail polisinin himayəsi altında işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya “Çadırlar bayramı”nın üçüncü günündə basqın edib.
Elchi.az xəbər verir ki, İsrail polisi basqınlar zamanı Şərqi Qüdsün Köhnə Şəhərində dəmir baryerli keçid məntəqələri yaradıb və fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verməyib.
Sentyabrın 29-da başlayan yəhudilərin Sukkot (Tabernacles) bayramı bir həftə davam edəcək.
Yəhudi köçkünlər dini bayramlar zamanı Əl-Əqsa məscidinə basqınlarını artırırlar.
Qüds İslam Vəqfləri İdarəsi bildirib ki, 859 yəhudi köçkün dünən, Sukkot bayramının ikinci günü Məscidül-Əqsaya basqın edib.
İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanan sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs İşlər Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.
Lakin 2003-cü ildən İsrailin birtərəfli qərarı ilə administrasiyanın icazəsi olmadan yəhudilər polisin müşayiəti ilə müqəddəs məbədə daxil olurlar. Bu girişləri basqın kimi xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
Şayəstə Hüseynova





