
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistan ordusunun azərbaycanlı dinc sakinləri öldürməsi məsələsinə münasibət bildirib.
Zaxarova həlak olanların ailələrinə başsağlığı verib:
“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi regionunda növbəti dəfə atəşkəs rejiminin pozulması qeydə alınıb və nəticədə dinc sakinlər arasında itkilər qeydə alınıb və bir uşaq həlak olub. Biz qan tökülməsini qəbuledilməz hesab edirik və tərəfləri vəziyyəti stabilləşdirməyə çağırırıq”.
Onun sözlərinə görə, Moskva ATƏT Minsk qrupunun zorakılığın dayandırılmasının zərurəti barədə bəyanatını dəstəkləyir.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.(Qaynarinfo)



