Ermənistanda fəaliyyət göstərən Yeni Siyasi Mədəniyyət Partiyasının sədri Ani Zaxaryan Rusiya
Prezidenti Vladimir Putinə açıq məkub yazıb.
Axar.az-ın “Novostnik.ru”ya istinadla xəbərinə görə, Rusiya dövlət başçısına müraciətində Zaxaryan, rəhbəri olduğu partiya haqqında qısa arayış verib və bu təşkilatın ölkəsində kifayət qədər nüfuza malik olduğunu vurğulayıb. Daha sonra o, məktubunda Ukrayna məsələlərinə toxunub və Poroşenko iqtidarını qeyri-peşəkarlıqda qınayıb.
Müraciətdə ən diqqət çəkən məqam isə Zaxaryanın Serj Sərkisyandan Putinə gileylənməsidir. Onun sözlərinə görə, Astanada Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycanın dövlət başçısı İlham Əliyevin adından xüsusi məktubun bəndlərini səsləndirəndə Sərkisyan ağzını belə açmayıb:
“Belə adamın Ermənistan prezidenti olmağa haqqı yoxdur. Cənab Putin, diqqətinizə çatdırmaq istəyirəm ki, Sərkisyan kimi adamların erməni xalqına aidiyyəti yoxdur. O, ölkəsinin milli maraqlarını ayaqlar altına atan birisidir. Onun iqtidarı qeyri-legetimdir. Odur ki, sizdən rica edirəm, Sərkisyanla hər hansı beynəlxalq sənəd imzalamayın. Çünki o sənədlərin sonra hüquqi qüvvəsi olmayacaq”.
Xatırladaq ki, Ukraynanın milli maraqlarına toxunduğu üçün müraciətə bu ölkədən etirazlar da gəlib.



